XƏBƏRLƏR

Kaspi Global - xaricdə təhsilin etibarlı ünvanı

12.06.2021

“Xaricdə təhsil almaq istəyirsən? Dünyanın reytinqli universitetlərinin tələbəsi olmaq arzusundasan? Təqaüd imkanları ilə maraqlanırsan?” Kaspi Təhsil Şirkətinin “Kaspi Global” Xaricdə Təhsil Xidmətinin əməkdaşları Kaspi liseylərində təhsil alan şagirdlərin valideynləri ilə görüşdə bu kimi suallara aydınlıq gətirdilər.

Xaricdə təhsil proqramları üzrə koordinator Lamiə Əhmədzadə “Kaspi Global”ın fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verdi: ”Kaspi Global” 2009-cu ildən etibarən fəaliyyət göstərir. 12 il ərzində 2000-dən çox azərbaycanlı şagirdin dünyanın 30-dan çox ölkəsində, 100-dən çox universitetinə qəbulu reallaşdırılıb. 150-dən çox universitet və xarici partnyorlarla əməkdaşlıq müqavilələri imzalanıb”. Hazırkı dövrdə azərbaycanlı gənclərin təhsil almaq üçün Türkiyədən ABŞ-a qədər dünyanın müxtəlif ölkələrinə  seçim etdiklərini deyən L.Əhmədzadə bunun səbəbini yüksək potensiallı gənclərin daha yüksək standartlı ali təhsilə maraqlı olmaları ilə izah etdi: “Məlumdur ki, Kapsi liseyi ölkəmizdə uğurlu təhsil verən ən qabaqcıl liseylərdən biridir və biz kifayət qədər yüksək intellektli şagird yetişdirə bilirik. Bu baxımdan şagirdlərimizin bu keyfiyyətlərini öz ali təhsillərinə yönətmələrində maraqlıyıq”. 

 





 

Xaricdə Təhsilin hədəf, məqsəd və fəaliyyətindən danışan L.Əhmədzadə qeyd etdi ki, əsas hədəf liseyin şagirdlərinin göstəricilərinə uyğun ən yüksək reytinqli universitetlərdə təhsil almalarını təmin etməkdir: “Bu hədəfimizə çatmaq üçün şagirdlərimizin hazırlığında və onların valideynləri ilə daimi kontaktda olmağa maraqlıyıq”. Koordinator qeyd etdi ki, “Kaspi Global”ın məqsədi şagirdlərin xaricdə təhsili üçün yüksək səviyyəli xidmət göstərməkdir: “Məqsədimizə uyğun olaraq, öz liseylərimizin şagirdlərinə ən yüksək şəkildə xidmət göstərmək üçün xidmətlərimizi genişləndiririk. “Kaspi Global”ın fəaliyyəti isə liseyin şagirdlərinin hazırlıq mərhələsindən başlayaraq, bütün qəbul prosesini uğurlu şəkildə həyata keçirməkdən ibarətdir. Liseylərimizin şagirdlərini 8-ci sinifdən etibarən konsultasiyalarımıza dəvət edib, xaricdə təhsil istiqamətlərini müəyyənləşdiririk, daha sonra onları uyğun hazırlıq prosesinə cəlb edirik. Hazırlıq prosesinin gedişində onlarla daimi əlaqədə olub, asudə vaxtlarında inkişaf etmələri üçün müxtəlif kurs, təlim, seminarlara cəlb edirik. İmtahan nəticələrinə uyğun ixtisas, universitet, ölkə seçimi, qəbul, viza və yerləşmə prosesini həyata keçiririk”.



 

L.Əhmədzadə vurğuladı ki, xaricdə təhsil alan gənclər ilk növbədə beynəlxalq təcrübə imkanı əldə edir və bu onların inkişafında əhəmiyyətli rol oynayır: “Bu müddət ərzində müxtəlif tələbə transferi proqramları ilə tələbəlik illərini müxtəlif ölkələrin universitetlərində keçirə, beynəlxalq olimpiadaların, yarışların, seminarların iştirakçısı olmaqla dünyagörüşlərini artıra bilərlər. Eyni zamanda, fərqli mədəniyyətləri öyrənmək, dil bacarıqlarını inkişaf etdirmək, təcrübə proqramlarında iştirak etmək üçün də xaricdə təhsilin rolu böyükdür”.

L.Əhmədzadə diqqətə çatdırdı ki, Kaspi Xaricdə Təhsil liseyin şagirdlərinin xaricdə təqaüdlə təhsil almasında maraqlıdır. Belə ki, təqaüd imkanlarını artırmaq üçün müxtəlif universitetlərlə əməkdaşlıq müqavilələri imzalanıb: “Bu müqavilələrə əsasən biz şagirdlərimizə standart təhsil haqqlarından daha aşağı təhsil haqqları ilə oxumaq üçün şərait yaradırıq. Eyni zamanda, müxtəlif təqaüd proqramlarına müraciət edib, tam və yaxud qismən təqaüdlü təhsili təşkil etmək üçün çalışırıq. Nəzərə alsaq ki, xaricdə təqaüdlü təhsil imkanları olduqca çoxdur, bu baxımdan şagirdlərimizin minimum xərclə ən yaxşı şəkildə təhsil almasına səy göstəririk”. 

Koordintor müasir dövrün əmək bazarında xaricdə təhsil almış gənclərə olan tələbata da toxundu: “Şagirdlərimizin məzun olduqdan sonra aldıqları ali təhsil gələcəkdə onların əmək bazarında ehtiyac duyulan kadr kimi yetişməsində önəmli rol oynayır. Bu baxımdan, onları fərqləndirən bir xüsusiyyət də xaricdə təhsil almaları və beynəlxalq təcrübəyə sahib olmalarıdır. “Kaspi Global” olaraq, şagirdlərimizin ixtisas seçimini də bu baxımdan önəmli hesab edirik və onların xaricdə təhsilini həm bacarıqlarına uyğun ixtisaslara, həm də əmək bazarına uyğunlaşdırmağa çalışırıq”.

Xaricdə Təhsil Strategiyası haqqında məlumat verən L.Əhmədzadə qeyd etdi ki, xaricdə təhsilə hazırlıq prosesinə 8-ci sinifdən start verilir. “Bu proses əsasən şagirdlərimizin ilkin maraqlarını öyrənmək, potensiallarını ölçmək üçündür. 8-ci siniflərdə oxuyan şagirdlərlə mütəmadi görüşlər keçirməyə, onlarla individual maraqlanmağa və gələcək təhsil həyatlarına uyğunlaşdırmağa çalışırıq. Onların potensialına və maraqlarına uyğun  ixtisas seçimindən sonra hədəflərimizə çatmaq üçün lazım olan imtahan ballarını müəyyənləşdirərək  hazırlıq prosesinə başlayırıq. Şagirdlərin ixtisas seçimində valideynlərin də maraqları və imkanları nəzərə alınır. Ödənilə biləcək təhsil haqqı, təhsil almaq üçün seçdikləri ixtisas və ölkələr, universitetlər müəyyənləşdirilir”. Həmçinin bu proses ərzində onların hazırlıq prosesi ilə yanaşı asudə vaxtlarını maraqlı etmək üçün gələcək ixtisaslarına uyğun kurslar, seminarlar, yay məktəbləri təşkil edilir: “VIII sinifdən etibarən başlayan prosesdə şagirdlərimizin tədrisi ilə yanaşı maraqları da nəzərə alınır. Onlar üçün yay məktəbləri təşkil edilir, ixtisasına uyğun gedəcəyi ölkələrdən kurslar, seminarlar tapılır, yay və qış düşərgələri təşkil olunur. 4 il müddətində - şagirdlər üçün xaricdə təhsil alacaqları müddətdə problemlərlə qarşılaşmamaları üçün orientasiya proqramı aparılır”.

Tədbirdə Beynəlxalq imtahanlara hazırlıq mərkəzinin müəllimləri Zərifə Seyidli və Sakit Hüseynov valideynlərə SAT, IETLS, TOEFL və digər beynəlxalq imtahanlara hazırlıq haqqında məlumat verdilər. SAT imtahanlarının daha çox Amerika və Türkiyədə qəbul prosesinin aparılması üçün önəmi vurğulandı,  IELTS imtahanlarının əsasən Avropa ölkələrində, Birləşmiş Krallıqda və ABŞ-da keçərli olduğu qeyd edildi, TOEFL imtahanının isə Türkiyə və Amerikada təhsil almaq istəyən şagirdlər üçün əhəmiyyətli olduğu diqqətə çatdırıldı. Beynəlxalq imtahanlara hazırlıq mərkəzinin müəllimləri ötən illərdə keçirilən hazırlıqların statistikası ilə valideynləri tanış edərək, bu illər ərzində hədəflədikləri ballara çatdıqlarını və uğurla hazırlıq prosesini başa vurduqlarını dedilər. Valideynləri maraqlandıran suallar cavablandırıldı.


Xarici universitetlərdə ali təhsil almaq və uğurlu bir mütəxəssis kimi yetişmək istəyən gənclərin arzu və məqsədlərini nəzərə alaraq “Kaspi Global” şagird və valideynlərlə görüşlərini mütəmadi təşkil edəcək.

Xaricdə təhsil arzusunda olanları bu görüşlərdə iştirak etməyə dəvət edirik!