XƏBƏRLƏR

SAT imtahanının xaricdə təhsildə rolu

27.04.2021

SAT imtahanının xaricdə təhsildə rolu

SAT (Scholastic Aptitude Test) 1926-cı ildə Amerika Birləşmiş Ştatlarının CollegeBoard qrupu tərəfindən amerikalı şagirdlərin universitetlərə qəbulu üçün hazırlanan imtahandır. İmtahan daha sonra məhşurlaşmış və Amerika, Çin, Türkiyə, Avropa ölkələrində bir çox universitetlər bu imtahan nəticəsinə əsasən beynəlxalq tələbə qəbulu həyata keçirmişdir. Bu beynəlxalq imtahan nəticəsi ilə ölkəmizdə ADA, UNEC kimi universitetlərə qəbul olmaq mümkündür.

Xaricdə təhsil üçün ən çox tələb olunan imtahanlardan biri də məhz SAT imtahanıdır. Xüsusilə, Amerika və Türkiyədə təhsil almaq istəyən namizədlər bu imtahana hazırlaşmalı və müvafiq bal toplamalıdır. Türkiyə universitetlərinin demək olar ki, hamısında SAT imtahanı ilə qəbul prosesi aparılır. Minimal olaraq, SAT imtahan nəticəsi 1100-1200 bal olan namizədlər Türkiyənin dövlət və özəl universitetlərinə müraciət edə bilərlər. Lakin bu minimal bal universitetlərin reytinqlərindən və ixtisaslardan asılı olaraq dəyişir. Məsələn tibb, mühəndislik kimi ixtisaslarda SAT nəticəsi nə qədər yüksək olarsa, qəbul bir o qədər asanlaşır. Bu və digər texniki yönümlü ixtisaslarda SAT Math hissəsi xüsusilə yüksək olmalıdır. Hətta bəzi universitetlərdə Math hissəsinə qoyulan xüsusi minimal bal tələbi vardır ki, ümumi imtahan nəticəsi nə qədər yüksək olsa da, Math hissəsindən tələb olunan minimal Math balı olmadığı halda qəbul demək olar ki, mümkünsüzdür. Digər humanitar yönümlü ixtisaslarda isə Math hissəsinə demək olar ki, xüsusi tələb olmur. Bu hissədə daha çox Verbal hissəsinin nəticəsinə diqqət yetirilir.

SAT imtahanının strukturu

SAT imtahanı iki hissədən ibarətdir : Evidence-Based Reading & Writing və Math. Bu hissələr özləri də müəyyən struktura malikdir.

Evidence-Based Reading & Writing hissəsinin strukturu aşağıdakı kimidir.

  1. Reading hissəsi 52 sualdan ibarətdir və bu sualların həlli üçün 65 dəqiqə ayrılır. Bu suallar şagirdlərin ingilis dilində oxuma və anlama bacarıqlarını ölçmək üçün nəzərdə tutulub. Bu hissədə şagirdlərə müxtəlif mövzularda 5 mətn və bu mətnlərə uyğun suallar verilir.
  2.  Writing hissəsi 44 sualdan ibarətdir və bu suallar üzrə də 35 dəqiqə ayrılmışdır.   Bu hissədə şagirdlərin ingilis dilində yazı bacarıqları ölçülür. Writing hissəsinə düşən suallar verilmiş mətndəki səhvlərin düzəldilməsi, qrafiklərin analizi kimi suallardır.

Math hissəsinin strukturu isə aşağıdakı kimidir:

SAT imtahanın Math hissəsi əsasən cəbr və həndəsə ilə bağlı suallardan ibarətdir. Bu hissədə şagirdlərə 80 dəqiqə ərzində həll etməli olduqları 58 sual verilir. Suallar iki hissəyə ayrılır: kalkulyatordan istifadə oluna bilən və oluna bilməyən suallar. İlk 55 dəqiqə ərzində təqdim olunmuş 38 sualın həllində kalkulyatordan istifadə etmək üçün icazə verilir. Qalan 35 dəqiqə ərzində isə kalkulyatordan istifadə qadağası olan 20 sual həll edilir. Sualların həllində kalkulyatora ona görə icazə verilir ki, bu kalkulyatorlar əsasən elmi hesablamalar aparmaq üçündür və şagirdlərə verilmiş sualların məzmunu ilə bağlı hesablamaların aparılmasında kalkulyator vacibdir.

SAT İmtahanlarının təşkili və imtahanda iştirak

SAT imtahanları ildə təxminən 6-7 dəfə, iki aydan bir keçirilməkdədir. Ölkəmizdə SAT imtahanlarını TQDK və bəzi imtahan mərkəzləri tərəfindən aparılmaqdadır. Bu imtahanlarda iştirak etmək üçün www.collegeboard.org saytından qeydiyyatdan keçməli və şəxsi kabinet yaradılmalıdır. Bundan sonra imtahan tarixləri ilə tanış olmaq və müvafiq imtahan mərkəzlərində imtahan vermək üçün bilet əldə etmək mümkündür. İmtahan ödənişlidir və bu ödənişləri də onlayn qaydada etmək mümkündür. İmtahanı həm ölkə ərazisində, həm də xaricdəki imtahan mərkəzlərində vermək olar. İmtahan nəticələri hər bir şagirdin www.collegeboard.org  saytındakı şəxsi kabinetində yerləşdirilir və şagirdlər burdan nəticələrinə baxa və çap edə bilərlər.

 

SAT imtahanına hazırlıq :

SAT imtahanına hazırlıq üçün şagirdlər minimum B2 səviyyəsində ingilis dili biliklərinə sahib olmalıdır. İngilis dili bilikləri yetəri qədər olmayan şagirdlər sonrakı mərhələdə Math və Verbal hissədə qarşılarına çıxan sualların məzmununu anlamaya bilər. Bu baxımdan SAT imtahanlarına hazırlaşmaq, bu nəticə ilə xaricdə təhsil almaq istəyən bütün şagirdlərə tövsiyyəmiz odur ki, SAT hazırlığına başlamamışdan əvvəl dil biliklərini B2 səviyyəsinə qədər yüksəltsinlər. Daha sonra isə imtahana hazırlıq prosesinə başlasınlar. SAT imtahanlarına hazırlıq prosesi ümumi olaraq 7-8 ay davam edir.

Kaspi liseylərində təhsil alan şagirdlər SAT imtahanlarına liseylərimizin peşəkar müəllim heyəti tərəfindən tam ödəniş şəkildə cəlb olunurlar. Hər il liseylərimizin hazırlıq prosesindən keçən şagirdlər maksimum göstəricilər əldə edirlər. Müvafiq göstəriciləri olan şagirdlər Kaspi Xaricdə Təhsilin dəstəyi ilə istədikləri universitetlərə qəbul prosesinə başlayır və uğurlu nəticələr qazanırlar.

Kaspi Xaricdə Təhsil eyni zamanda SAT nəticəsi olan istənilən namizəd üçün xaricdə təhsil almaq imkanı təklif edir. Liseylərimizin şagirdi olmayan, xaricdə təhsil almaq istəyən namizədlər Kaspi Xaricdə Təhsilin xidmətlərindən yararlana bilərlər.

Bizimlə əlaqə: 0506423909

Ünvan – Xətai rayonu, Xocalı 57a